Azərbaycan Demokrat Partiyası (ADP) bələdiyyə seçkilərində iştirakdan imtina edib. Partiyanın İdarə Heyəti qərara alıb ki, ADP dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılmasın. Eyni zamanda üzvlərin fərdi qaydada seçkilərdə iştirakını məqbul hesab edən İdarə Heyəti partiyanın mərkəzi qurumlarının seçkidə iştirak edəcək nümayəndələrinə mümkün olan bütün vasitələrlə dəstək veriləcəyini diqqətə çatdırıb.
ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a açıqlamasında partiyanın qərarını şərh edib. Onun sözlərinə görə, bələdiyyə seçkiləri parlament və prezident seçkilərindən fərqli olaraq yerli resurslara əsaslanır: “Bizim də partiyanın elə bir nəhəng yerli resursu yoxdur. Seçkilərdə partiya kimi iştirak etmək üçün ən azı 900 nəfərdən artıq bələdiyyə üzvünün namizədliyini təqdim etmək lazımdır. Bu qədər üzvün namizədliyini vahid mərkəzdən təşkil etmək, sənədləşdirmək üçün küllü miqdarda maliyyə vəsaiti lazımdır. Seçki kampaniyasında hər bir bələdiyyəyə, kəndə gedib orada iş aparmaq, insanları inandırmaq, təşviq etmək, seçkiyə qoşmaq, seçkini müşahidə etmək pul tələb edir. Partiyanın indiki halda belə bir maliyyə vəsaiti yoxdur. Ona görə də seçkidə iştirak etməkdən imtina etməyimizin obyektiv səbəbi budur”.
S.Cəlaloğlu əlavə edib ki, bələdiyyələrin statusu qeyri-müəyyən olduğuna görə insanlarda seçkiyə maraq yoxdur: “Bəlkə də maliyyə vəsaitimiz olsaydı, insanları inandırıb yola gətirərdik. Amma 900 nəfərin seçkidə iştirakını maliyyələşdirmək imkanımız yoxdur. Digər tərəfdən 900 adamın özü yoxdur, seçkiyə qatılmaq istəyən adamların həvəsi yoxdur. Bu səbəblər bizim partiya kimi seçkilərdə iştirakımıza imkan vermədi”.
“Ümid partiyası seçkiyə təklikdə getməyə üstünlük verdi”
ADP sədri “Qarabağ” bloku çərçivəsində Ümid partiyası ilə seçkiyə birlikdə qatılacaqları barədə əvvəlki bəyanatına da aydınlıq gətirib:
““Qarabağ” bloku çərçivəsində seçkiyə qatılmaq barədə qərar versəydik, gərək tərəf kimi prosesdə Ümid partiyası ilə bərabər əsasda iştirak edərdik. Ümid partiyası dövlət tərəfindən maliyyələşir, kifayət qədər resursları var. Seçki bloku yaratsaydıq, qeyri-bərabər vəziyyətə düşəcəkdik. Maliyyə tərəfinin ağırlığını isə Ümid öz üzərinə götürməli idi. Ümid partiyası seçkiyə təklikdə getməyə üstünlük verib və bizim maliyyə xərclərimizi qarşılamaq məcburiyyətində də deyil. Ümid partiyası özü təklif etmişdi ki, parlament seçkilərində olduğu kimi bələdiyyə seçkilərinə bir yerdə gedək. Biz açıq şəkildə bildirdik ki, seçkidə partiya kimi iştirak üçün kifayət qədər maliyyə resurslarımız yoxdur. Ümid-də “maliyyəni öz üzərimizə götürərik” deyə hər hansı fikir ifadə etmədilər”.
Nərgiz