28 Oktyabr 2014 17:27
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Məclisinin başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarlarına qarşı bəyanat qəbul etməsi qarşı tərəfdə narazılıq yaradıb.

Bəyanatda Qubad İbadoğlu və onu dəstəkləyənlərin qurultaydan sonrakı çıxışları “əsassız iddialar” sayılıb və bu cür çıxışların sosial media və mətbuatda dayandırılması tələb olunub: “Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir”.


Qubad İbadoğlu bu bəyanatı Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) işinə təzyiq kimi qiymətləndirib.

Bu arada Qubad İbadoğlunun seçkilərdə opponent olmuş Tural Abbaslı ilə birləşib yeni başqan Arif Hacılıya qarşı vahid cəbhədə savaşacağı barədə xəbərlər yayılıb.

Məlumatlara görə, tərəflər fraksiya yaradacaq.

Hazırda Q.İbadoğlu QHT sektorundakı işləri ilə əlaqədar ölkə xaricindədir və o, vətənə döndükdən sonra fraksiya formalaşacaq və ictimaiyyətə elan olunacaq.

“Fraksiyanın yaradılması şərtdir”

Tural Abbaslı Teleqraf.com-a açıqlamasında fraksiyanın yaradılması barədə müzakirələr getdiyini bildirib. Onun sözlərinə görə, burada nizamnaməyə zidd, partiya əleyhinə addım yoxdur: “Məsləhət olsa, fraksiya yaradılacaq. Partiya daxilində demokratiyanın və balansın təmin olunması, hər tərəfin sözünün eşidilməsi üçün addımlar atacağıq. Seçkilərdən bəlli müddət keçib, təəssüf ki, yeni rəhbərlikdə hər tərəfin iştirakı ilə partiyanın fəaliyyətini qurmaq arzularını görmədim. Fraksiya barədə öz üzvlərimiz, həm keçmiş funksionerlər, həm də indiki Məclis üzvləri arasında danışıqlar gedir. Bunu narazı tərəfin addımı kimi qələmə verməyin tərəfdarı deyiləm. Sadəcə İsa Qəmbər başqanlıqdan gedəndən sonra partiyada yeni siyasi situasiya yaranıb. Bu durumun da tələb etdiyi bəzi şərtlər var. Düşünürəm ki, partiya daxili fraksiyanın yaradılması da bunun tərkib hissəsidir”.

“Partiyanı düşdüyü vəziyyətdən çıxarmaq istəyirik”

T.Abbaslının sözlərinə görə, bir ay müddətində hər tərəfi birləşdirib konsensusa gəlməyə cəhdlər göstərsə də, uğursuz alınıb: “Biz barışdırıcı mövqe tutmuşduq və bu gün də o mövqedəyik. Düşünürəm ki, yeni başqan “hər şey bir şəxsdən asılıdır”, “ancaq öz ətrafımla işləyəcəyəm” kimi fikirlər ifadə etməməlidir. Bir ay ərzində göstərilən münasibət partiyanı heç də uğura aparmır. Ona görə biz də addımlar atırıq və yaradılacaq fraksiya da bu addımlardan ilkidir. İlkin siyasi razılaşma əldə olunandan sonra detallar qısa vaxt aparacaq. Əsas partiyanı indiki düşdüyü vəziyyətdən çıxarmaq və 2015-ci parlament seçkilərinə daha güclü vəziyyətdə getməkdir. Daxili çəkişmələrə vaxt ayırdıqca seçkilərdə qalib gəlmə şansımızı azaldır. Bütün problemlər masaya yatırılmalı, çatışmazlıqlar müzakirə olunmalıdır. Nisbi stabillik partiya daxilindəki gərginliyi azaltmayacaq”.

“Gizli heç nə etmirik”

O, fraksiyaya qoşulacağı halda yeni başqan və komandasının qəzəbinə tuş gəlməkdən narahat olmadığını açıqlayıb: “Həm mənim, həm də ətrafımın partiya daxilindəki fəaliyyəti bəllidir. Haqqımızda kiminsə nə isə düşünməsi üçün addım atsaydıq, müxalifətdə olmazdıq. Düşünmürəm ki, partiyanın güclənməsi, real siyasi rəqabətə girməsi naminə atdığımız hansısa addımları yoza bilsinlər. Çünki biz gizli heç nə etmirik. Qətiyyən qorxu və narahatlığımız yoxdur”.

Arif Hacılı ilə qurultaydan sonra 15-20 dəqiqəlik fikir mübadiləsi apardığını deyən T.Abbaslı qeyd edib ki, yeni başqan onun fikirləri ilə dolayısı ilə tanışdır: “Məni dinləyib-dinləməmək, irad və təkliflərimi obyektiv qəbul edib-etməmək onun şəxsi işidir. O vaxt özünə də qeyd etmişdim ki, partiyanın uğuru və uğursuzluğu onun ayağına yazılacaq. Odur ki, biz öz borcumuzdan çıxıb demişik, nəzərə alıb-almamaq artıq rəhbər kimi Arif bəyin şəxsi işidir”.

“Bizə qapı göstərirlər”

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli Məclisin bəyanatına münasibətini açıqlayıb. O vurğulayıb ki, başqan seçkilərində heç kəs iftira atmayıb: “Seçki öncəsi olmuş prosedur pozuntuları ilə bağlı şikayət verilib. MNTK-dan cavab gözləyirik. Cavabdan öncə belə bir bəyanatın səsləndirilməsi o deməkdir ki, bizə qapı göstərirlər. Bundan öncə Osman Kazımovun dilindən “partiya təmizlənməli və bir çoxları, həqarət deyənlər çıxıb getməlidir” kimi hədələr səsləndi. 25 il siyasətdə olmuş adamlara qapı göstərmək siyasəti kimə lazımdır? Qurultayda Arif Hacılını dəstəkləməyib və xoşları gəlmir deyə özü dəvət olmadan Məhəbbət Muradovu partiyadan qovublar. Cəmiyyətdə azad fkir və söz demək yeri olmayacaqsa, o partiya nəyə lazımdır? Onda özəl cəmiyyətdir, partiya da deyil. Səsləndirilən bəyanat mötəbər şəxsin adına olan Müsavata yaraşmır”.

“Məqsədlərini yarımçıq qoyacağıq”

MQB sədri əlavə edib ki, partiyadan getmək niyyətləri yoxdur: “Biz partiya daxilində mübarizəmizə davam edəcəyik. Hələlik MNTK-nın cavabını gözləyirik. Adekvat olaraq bu bəyanat daxil olmaqla cavabımızı verəcəyik. Biz islahatçılar qanadı olaraq lazımi cavabı nizamnamə çərçivəsində bildirəcəyik. Belə qanunsuzluqlara qarşı hər zaman çıxacağıq. Nizamnamə adı altında öz məqsədlərini icra etmiş adamların məqsədlərini yarımçıq qoyacağıq”.

“Cəmil Ünala müraciət ünvanlandı”

Müsavat Partiyasından çıxarılan Məhəbbət Muradov isə Azərbaycan Kültür Dərnəyinin başqanı, Müsavatın fəxri sədri Cəmil Ünala müraciət ünvanlayıb.

Onun sözlərinə görə, müraciətin məqsədi diqqətin Müsavatdakı özbaşınalıqlara yönəldilməsidir.

M.Muradovun müraciətində yazılır: “Müraciətimin başlıca səbəbi sizi son illər Müsavatda, xüsusən də təmsil olunduğum Qubadlı rayon təşkilatındakı özbaşınalıqlar, qarayaxmalar, şərləmələrdən hali etməkdir. Sayın başqan, şərəfli tarixi olan Müsavatı əmanət etdiyiniz əllər Rəsulzadə irsinə ləkə yaxmaqla Müsavatı ictimaiyyətdə gözdən salmaqla məşğuldur. Məqsədim pozulmuş hüququmu bərpa etməkdir”.

Qeyd edək ki, Q.İbadoğlu Bakıda olmasa da, onun əsas tərəfdarları Hüseyn Məlik, başqanlığına namizədliyini onun xeyrinə götürmüş Səxavət Əlisoy və digər müsavatçılar Tural Abbaslı ilə görüşüb və danışıqlar aparıb.

Hüseyn Məlik özünün Facebook səhifəsində görüşdən fotolar da yayımlayıb.

Qeyd edək ki, sentyabrın 27-də keçirilən partiya qurultayında Arif Hacılı başqan seçilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər