Tovuz rayon polis şöbəsinə müraciət edən rayonun Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkmişin yetkinlik yaşına çatmayan qohumu saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxslər əvvəlcədən planlaşdıraraq oğurluq cinayətini törətmiş, daha sonra oğurladıqları qızıl-zinət əşyalarını Tovuz, Gədəbəy, Şəmkir, Gəncə və Bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüb.
Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.