3 Aprel 2021 11:39
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, martın 25-də Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.

İtkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzun müddətli mübahisələr səbəbindən sonuncuların martın 25-də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirib, Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər