5 Aprel 2021 11:45
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.

10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini M.Dadaşovun karantin rejiminin qaydalarını pozaraq qızına xınayaxdı məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanuna müvafiq tədbirlər görülüb.

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini Eynulla Quluyevin şəhər ərazisindəki kafelərin birində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

E.Quluyev və iştirakçılardan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Cumalar kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən olunub.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barədə qanuna müvafiq tədbir görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər