Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, vətəndaş Tahir Mustafayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.
T.Mustafayev barəsində Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Bundan başqa, Şabran rayon sakini Akif Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Kərimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.
Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Aparılan araşdırmalar zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.
Faktla bağlı Şəmkir rayon polis şöbəsində Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.