Mayın 12-də Mingəçevirdə baş vermiş dava nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə polis şöbəsinə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.
Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq aparılır.