Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş F.İsmayılov, Ş.Babayev və N.Əlizadə saxlanılıblar.
Keçirilən baxış zamanı onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onların qabaqcadan əlbir olan qrup halında Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 1 500 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib.
Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Mamusta kəndində yerləşən evlərdən birindən oğurluq edən şəxs saxlanılıb.
Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullazadənin gecə saatlarında həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan 2000 manat pul və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.