5 May 2014 17:24
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi:

- Siyavuş müəllim, ilk olaraq “Freedom House” mətbuat azadlığı - 2014: media azadlığı son onillikdə ən aşağı səviyyəyə enib” adlı illik hesabatının Azərbaycanla bağlı hissəsində ölkəmizdə mətbuatın və internetin azad olmaması ilə bağlı fikirləri necə xarakterizə edərdiniz?

- “Freedom House” və bu kimi digər təşkilatlar var ki, mütəmadi olaraq Azərbaycana qarşı qərəzli, ədalətsiz və mövqeli şəkildə bəyanatlar veriblər. Bu təşkilatlar istər insan hüquqları, istər söz və mətbuat azadlığı, istərsə də digər məsələlərlə bağlı daimi olaraq anti-Azərbaycan mövqe sərgiləyiblər. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan, Gürcüstan və yaxud post-Sovet məkanı ilə bağlı oradakı vəziyyətlərin şərh olunmasında, eləcə də Ermənistanda və digərlərində seçki kampaniyası dövründə seçki qanunvericiliyindən başlamış bütün bu prosedurlara qədər vəziyyət qat-qat aşağı səviyyədə olub. Lakin bu təşkilatlar həmişə onlara tərəfli mövqedən yanaşıb və onların fəaliyyətini yüksək qiymətləndirib. Məlumdur ki, Ermənistanda keçirilən seçkilərdə sui-qəsdlər oldu və ondan öncə keçirilən seçkilərdə isə 8 nəfər öldürüldü, xeyli sayda insan həbs olundu. Bununla belə namizədlər üçün bərabər şərait yaradılmadı və ikili vətəndaşlıqla səsvermə prosesi həyata keçirildi. Bu təşkilatların hamısı bir mərkəzdən idarə olunduğuna görə, buna azad, ədalətli və demokratik adı verildi.

Söz və mətbuat azadlığına gəldikdə isə deyə bilərəm ki, Azərbaycanda söz və mətbuat azadlığına yaradılan şərait və onun qorunması heç bir ölkədə yoxdur. Azərbaycan yeganə ölkədir ki, dövlət tərəfindən mətbuata qayğı var, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər bir mətbuat orqanı mövqeyindən, yönümündən və gördüyü işdən asılı olmayaraq bərabər şəkildə KİVDF-nin ayırdığı vəsaitdən istifadə edir. O cümlədən Fond tərəfindən onların verdiyi məqalələrin qiymətləndirilməsi və hər bir jurnalistə ayrılan maddi vəsaitlər xüsusi əhəmiyyətə malikdir. Dünyanın heç bir yerində yoxdur ki, dövlət mətbuat nümayəndələri üçün yeni mənzillər tikib onlara təqdim etsin. Bu yeganə olaraq Azərbaycanda mövcuddur. Dəfələrlə Ümummilli Lider Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev mətbuat nümayəndələrinin rəhbərləri ilə görüşüb onların problemləri ilə maraqlanması və bu problemlərin həllində onlara yardımçı olması “Freedom House” təşkilatı üçün bir nümunə olmalıdır.

Bildiyiniz kimi, bu yaxınlarda Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Həmin ərəfədə məsələ qaldırıldı ki, Türkiyədə internetə müəyyən məhdudiyyətlər qoyulsun. Amma Azərbaycanda 9 oktyabr 2013-cü ildə prezident seçkiləri zamanı mətbuata, internetə və s. heç birinə zərrə qədər də olsun məhdudiyyət qoyulmadı. Bu gün Azərbaycanda heç elə bir qanun da yoxdur. Əslində isə bu dünyada mövcuddur. O baxımdan da ölkəmizdə bu sahədə heç bir problem yoxdur.

Yox əgər “Freedom House” təşkilatı hansısa jurnalistin həbs olunmasını əsas götürüb bu fikri söyləyirsə, demək istəyirəm ki, bu peşə fəaliyyəti ilə bağlı deyil. Heç kəs öz peşəsi ilə sığortalanmayıb. İstənilən bir şəxsin Azərbaycanda söz, fikir, siyasi baxış, siyasi düşüncəyə görə azadlıqdan məhrumetmə halı yoxdur. Bu yalnız törədilən cinayətlərlə əlaqədar ola bilər. Bu mənada hesab edirəm ki, “Freedom House” kimi qərəzli təşkilatlara fikir vermək lazım deyil. Bunlar yalnız qeyri-hökumət təşkilatıdır. Azərbaycanda da 3.000 mindən artıq qeyri-hökumət təşkilatı var. Əgər “Freedom House” kimi təşkilatlar öz ölkələrində qəbul olunmursa, onlara diqqət kəsb etmirlərsə hesab edirəm ki, Azərbaycanda da onlara əhəmiyyət vermək lazım deyil. Hansısa bir erməni lobbisinin ayırdığı maliyyə vəsaiti hesabına hesabat dərc edənlər sonda özləri də ifşa olunacaq.

- ATƏT-in Minsk qrupu həmsədrinin Amerikadan olan həmsədri Ceyms Uorlik mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sosial şəbəkələrdə, xüsusilə özünün “tvitter” səhifəsində müzakirəyə çıxarır. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi “tvitter”də həll olunmalıdır?

- Təbii ki, bununla bağlı Milli Məclisdə də müzakirələr aparıldı. Bu il ATƏT Parlament Assambleyasının növbəti toplatısı Azərbaycanda keçiriləcək. Hazırda bununla bağlı bəzi məsələlər həll edilir ki, ATƏT-in həmsədrləri 21 illik proses ərzində Milli Məclisə, ümumiyyətlə isə Azərbaycan xalqına, cəmiyyətə hesabat versinlər. Məlum olsun ki, onlar 21 illik fəaliyyətləri dövründə axı nə iş görüblər. Bunlar yalnız hər 3 ildən bir həmsədr dəyişir. Biri gəlir deyir ki, mən bu prosesi hələ 6 ay öyrənməliyəm, digəri isə başqa bir fikir söyləyir. Bu bir növ turist səfəridir. Həlledici məqam çatan zaman isə onlar deyirlər ki, bizlik bir şey yoxdur özünüz öz aranızda razılaşın və s. Əgər biz öz aramızda razılaşacayıqsa, bəs siz nəyə lazımsız? Axı bu institut nədən ötrü yaradılıb. İkincisi bu institutun bu cür fəaliyyəti özü-özünə hörmətsizlik gətirir. Tutaq ki, ATƏT müşahidəçiləri və yaxud nümayəndələri Ukrayana gedərək oradakı proseslərə öz mövqelərini sərgiləmək istəyirlər. Sual olunur, axı siz Dağlıq Qarabağda bu 21 il ərzində nə iş görmüsünüz ki, indi Ukraynadakı proseslərə təsir etmək istəyirsiniz? Bu, insanların, dövlətlərin və millətlərin taleyidir. Bu məsələ olan halda Ceyms Uorlikin “tvitter” səhifəsində Dağlıq Qarabağ problemini müzakirəyə çıxarması gülünc doğurur. Bu münaqişənin əziyyətini milyonlarla insan çəkir. Bu münaqişədə 30 mindən artıq insan dünyasını dəyişib. Nə qədər insan isə əlil və şəhid olub. Hesab edirəm ki, bu məsələyə ciddi şəkildə baxılmalı və konkret fikir söylənilməlidir.

- Son olaraq Leyla Yunusun hərəkətlərinə və onun Azərbaycan polisinin papağını yerə atmasına nə ad verilə bilər?

- Bütün dünya, cəmiyyət və Azərbaycan xalqı gördü ki, Leyla Yunus nə qədər provakator insandır! Yəni, bu insanın hər bir addımı provakasiyaya hesablanıb. İnsan müəyyən yaşa çatdıqca öz millətinə və xalqına daha yaxın olur. Leyla Yunusun həmin hərəkətləri isə klassik erməni hərəkətləri idi ki, insanlar da bunun şahidi oldu. Heç bir Azərbaycan qadını kimliyindən asılı olmayaraq, (canında, qanında azərbaycanlı, türk qanı olan hər hansı bir qadın) ömür boyu o cür hərəkət etməzdi. Bu insanın erməni xisləti, erməniliyi isə orada bir daha göründü. İkincisi, sən özünə hüquq müdafiəçisi deyirsən, amma özün dövlət nümayəndəsinin hüquqlarını pozaraq onu təhqir edirsən. Hesab edirəm ki, hüquq-mühafizə orqanları və həmin təhqirə məruz qalmış polis işçisi bununla bağlı məhkəməyə müraciət etməlidir. Çünki həmin polis işçisi vəzifə borcunu yerinə yetirdiyi anda Leyla Yunus tərəfindən təhqir olunub. Bu, çox ciddi məsələdir.

Hətta Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşının qolundan tutanda belə həmin insan səni məhkəməyə verə bilər. ABŞ-da polisə əl hərəkəti edilsə, güllələnmək an məsələsidir. Leyla Yunus ciddi-cəhdlə çalışırdı ki, buna qarşı hər hansı bir təxribat olsun. Mən dəfələrlə mitinqləri, nümayişləri izləmişəm. Bu insanlar mitinqlər zamanı qəsdən gəlib hüquq-mühafizə orqanlarının önündə dayanaraq, onları və ailəsini təhqiramiz şəkildə söyürlər. Beləcə, onlar həmin polis işçisini o həddə çatdırırlar ki, o özündən çıxsın və bunlara qarşı təxribat törətsin. Bundan da onlar istifadə etsinlər, şəkillər çəkib bütün dünyaya yaysınlar ki, məhz Azərbaycanda polis vətəndaşa qarşı bu cür hərəkətlərə yol verir. Leyla Yunusun Azərbaycan dili ilə bağlı, eləcə də Azərbaycanın ünvanına dediyi sözlər bütün azərbaycanlılara təhqir idi”.


Müəllif: