11 İyun 10:13
378

Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb.

Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib.

Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilib.

Bundan başqa, Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən otlaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolu maddi sübut kimi götürülüb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı A.Səfərov narkotik tərkibli bitkiləri may ayında əkdiyinin və şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.


Müəllif: Hacı Zeynalov