Baş Prokurorluq və Daxili İşlər Nazirliyi baş verən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, birgə məlumatda deyilir:
“Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18 iyun 2015-ci ildə, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb və bacısı evinə yola düşüb.
Vahid Gözəlov bacısının torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib və oradan içəri daxil olub. O, ağacın altında Sahib Babayevin oturmuş vəziyyətdə görüb və onu öldürmək qərarına gəlib.
Sahib Babayevə 2 dəfə şillə vurub və sonra sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib və boğaraq öldürüb.
Sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya yığıb və Ağsu çayının kənarına aparıb.
Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.
İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.