Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 77 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, digər intihara cəhd halında isə Gəncə şəhərində vətəndaş özünü körpüdən ataraq ağır xəsarətlər alıb.
Bundan başqa, Daşkəsən rayonunda çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan hündürlükdən dərəyə düşən 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlunun meyiti mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, ötən gün məlumat verildiyi kimi, Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında baş vermiş yanğının söndürülməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla zəruri tədbirlər davam etdirilir.