Siyavuş Novruzov: “Eldar Namazov Şahnazaryanın material verənidir”
Akif Nağı: “Beynəlxalq təşkilatlar bu işə külli miqdarda maliyyə ayırırlar”
Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla Ermənistanın “Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru, keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıb. Onlar bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün “Yol xəritəsi”nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, bu gün E.Namazovun Dağlıq Qarabağla bağlı, ümumiyyətlə Azərbaycanın adı ilə bağlı hər hansı bir sənədə imza atmağa heç bir hüququ yoxdur.
S.Novruzov qeyd edib ki, E.Namazov ictimai təşkilatın rəhbəri ola bilər, lakin yalnız öz adından danışa bilər: “Azərbaycan xalqının, Azərbaycan dövlətinin adından isə kimlərləsə sənəd imzalamağa heç bir hüququ yoxdur. Bu məsələnin hüquqi tərəfi. Digər tərəfdən, Eldar Namazovun mənəvi baxımdan da Dağlıq Qarabağla bağlı hər hansı bir sənəd imzalamağa haqqı çatmır. Çünki xalqın məsələləri, problemləri ilə bağlı Eldar Namazov həmişə antiazərbaycan mövqeyində olub. Onun bütün fəaliyyətindən bəllidir ki, o, heç vaxt Azərbaycanın milli maraqlarını müdafiə etməyib. Hansısa xarici qüvvələrin maraqlarının müdafiəçisinə çevrilib və daim də ara qarışdırmaqla məşğul olub”.
O, əlavə edib ki, ümumilikdə E.Namazovla bu sənədi imzalayanın ağlı yoxdur: “Həm də o Şahnazaryan Leyla Yunusun yaxın dostudur. Səhv etmirəmsə, Şahnazaryan 90-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri işləyib və onun da fəaliyyəti Azərbaycan əleyhinə materiallar toplayaraq müxtəlif instansiyalara ötürməkdir. Eldar Namazov kimiləri də birbaşa onun material verənləridir”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə deyib ki, müəyyən beynəlxalq təşkilatlar, mərkəzlər açıq-aydın ermənilərin mövqeyindən çıxış edirlər. Onun sözlərinə görə, onların götürdükləri kurs da bundan ibarətdir ki, nəyin bahasına olur-olsun, Azərbaycanla Ermənistan arasında həm rəsmi, həm də qeyri-rəsmi, yəni vətəndaş cəmiyyəti səviyyəsində dialoq davam etsin, görüşlər keçirilsin:
“Yəni, görüşlər alınsın, dialoq görüntüsü yaransın. Çünki görüşlər yoxdursa, o zaman Azərbaycan başqa variantlara əl ata bilər. Məsələn, müharibə variantı ortaya gələ bilər. Beynəlxalq təşkilatların, böyük dövlətlərin və mərkəzlərin ən ehtiyat etdikləri məsələ regionda yenidən müharibənin alovlanmasıdır. Bundan Ermənistan da ehtiyat edir. Ona görə də status-kvonun qorunub saxlanılması Ermənistanın maraqlarına cavab verir. Beynəlxalq təşkilatlar da Ermənistanın bu istəyini yerinə yetirməyə çalışırlar”.
A.Nağı deyib ki, Azərbaycan tərəfi status-kvonun dəyişdirilməsini təkidlə tələb edir:
“Sonuncu Paris görüşündə də Azərbaycan rəsmiləri status-kvonun dəyişməsinin vacibliyini vurğulayıblar. Ona görə də beynəlxalq mərkəzlər belə məqamlarda işə keçərək vətəndaş cəmiyyətindən elə adamlar tapıb ortaya çıxarırlar ki, dialoq yaransın, müzakirələr getsin. Bilirsiniz ki, beynəlxalq təşkilatlar bu işə külli miqdarda maliyyə ayırırlar. Bunu vaxtaşırı olaraq beynəlxalq təşkilatların rəhbərlərinin dilindən də eşitmək olar. Ona görə də Azərbaycandan da axtarırlar ki, kimlərsə bu prosesə qoşulsun. Bizim təşkilata da bununla bağlı dəfələrlə müraciət olunub. Biz bu müraciətləri təbii ki, birmənalı şəkildə rədd edirik. Amma mən hesab edirəm ki, Eldar Namazov kimi adamlar Dağlıq Qarabağ probleminin həllinə xidmət etmək üçün deyil, həmin vəsaiti ələ keçirmək, ondan yararlanmaq üçün bu prosesə qoşulurlar”.
Səxavət HƏMİD