Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı, söhbət karbohidrogen ehtiyatlarına gələndə Qərbdən böyük dəstək görür. Lakin eyni yanaşma sona qədər edilmir. Son günlər qərbli siyasətçilərin Bakıya qarşı “Səlib yürüşü”nü xatırladan hücumları müşahidə olunur.
Əvvəlcə Avropa Parlamenti Azərbaycanda insan haqlarının pozulduğu iddialarının yer aldığı qətnamə qəbul etdi. Ardınca ABŞ prezidenti Barak Obama Azərbaycanın adını mənfi çalarda hallandırdı. Bir neçə gün öncə isə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Böyük Britaniyanın “Qardian” qəzetində Azərbaycanla bağlı tənqidi məqalə ilə çıxış etdi. Yaqland bir qədər də irəli gedərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına maneələrin yaradıldığı, söz azadlığının boğulduğu iddialarını irəli sürdü.
Maraqlıdır, Ukrayna böhranından sonra Avropada daha da kəskinləşən qaz qıtlığı fonunda bu problemin qarşısının alınmasında müəyyən paya sahib olan Azərbaycan kimi strateji tərəfdaş avropalı siyasətçilərin gözündə niyə “əcaib” görünür? Bakıdan əlavə karbohidrogen ehtiyatların alınması, Bakınınsa buna mənfi cavab verməsi gündəmdə olsaydı, hücumların artmasını müəyyən mənada anlamaq olardı. Çünki “qoca dünya” arzuladığını dillə istəyib, əllə almır - başqa və daha qəliz üsullardan istifadə edir. Hərçənd Azərbaycan öz enerji resurslarını milli maraqlarına uyğun şəkildə şaxələndirir və bu məsələdə qərbli partnyorları ilə heç bir problem yaşamır.
Görünür, Qərbin öz “dərdi” var. Söhbət, nə karbohidrogen ehtiyatlarından, nə də Bakıdan hansısa güzəştlər qopartmaqdan getmir. Bu dəfə məqsəd ümumiyyətlə Bakını ələ keçirtməkdir. Ukraynada Rusiya ilə üz-üzə gələn Qərb Moskvanın mövqelərini vurmaq üçün başqa ərazilərdə də “hücuma keçmək” qərarına gəlib.
Bir çox ekspertlər də yeni qarşıdurma məkanı kimi Cənubi Qafqazı göstərir. Çünki bu bölgə Rusiyanın bəlkə də “axilles dabanı” hesab ediləcək ən zəif nöqtəsidir. Qərbin burada möhkəmlənməsi Rusiyanın hər an partlamağa hazır “barıt çəlləyini” xatırladan Şimali Qafqaz bölgəsinə girişi asanlaşdırır. Şimali Qafqaza Qərbin girişi Rusiyanın ən azı “yarımcan” olacağı ilə nəticələnəcək.
Hər şey Bakıdan asılıdır. Çünki Cənubi Qafqazın iki ölkəsinə təsir imkanlarını ələ alacaq tərəf bölgədə güc balansını öz xeyrinə dəyişəcək. Ermənistan Avrasiya İttifaqına daxil olmaqla öz sərhədlərini “rus məftilləri” ilə bağlayıb. Gürcüstan avrointeqrasiya yolunu tutub. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirmək və dünyanın hər iki qütbü ilə balanslı münasibət saxlamaqda israrlıdır. Halbuki Azərbaycanın əldə olunması iqtisadi cəhətdən Bakıdan asılı olan Gürcüstanın da tam ələ keçirilməsi deməkdir.
Hazırda hədəfə çevrilən də Azərbaycan iqtidarının müstəqil siyasətidir. Qərbin “insan haqları, demokratiya, söz azadlığı” silahını işə salmasının da hədəfi birdir: Bakının müstəqil siyasət iradəsini qırmaq.
Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyov publik.az-a açıqlamasında Qərbin bəyanatlarını şişirtməyin tərəfdarı olmadığını bildirib. Politoloq bu tipli bəyanatların bütün Qərbin deyil, daha çox erməni lobbisinin təsirində olan bir qrup siyasətçinin mövqeyi kimi qiymətləndirir: “Avropa Birliyinin siyasi strukturlarında yüzlərlə belə sənədlər tərtib edilir və həftənin sonunda unudulur. Bir çox deputat bunun mahiyyətini dərk etmədən imzalayır. Qərblə münasibətləri enerji layihələri kontekstində qiymətləndirəndə Avropa Birliyinin Azərbaycandan uzaqlaşacağının simptomları görünmür”.
R. Musabəyov Azərbaycan rəhbərliyinə qarşı mütəmadi hal almış bu cür hücumların ölkənin müstəqil siyasəti ilə bağlı olduğunu da istisna etmir: “Bakı öz layihələri üçün Avropa Birliyindən nə iştirak, nə də pul istəmir. Azərbaycan özünü təmin edə biləcək dövlətdir. Bizə siyasi dəstək lazım olan zaman, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Avropa Birliyi və digər partnyorlar böyük maraq göstərmirlər. Azərbaycana bu cür öyüd-nəsihətin verilməsinin mənasız olduğunu artıq özləri də anlayırlar”.
Milli Məclisin eyni komitəsinin üzvü, millət vəkili Asim Mollazadə isə Azərbaycana qarşı hücumları 2015-ci il qondarma “erməni soyqırımı”nın 100 illiyinin yaxınlaşması ilə əlaqələndirib. Onun sözlərinə görə, varlı və siyasi aktivliyi ilə seçilən erməni təşkilatlar beynəlxalq arenada Azərbaycan və Türkiyəyə qarşı təzyiqləri artırıblar: “Onlar bütün imkanlardan istifadə edirlər. Görünür, Avropa Parlamenti və ABŞ-ın davranışlarına da onların təsiri olub. Biz dövlət katibi Con Kerrinin Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən olduğunu və onun ABŞ-ın erməni milli konqresinin dəstəyi ilə senator seçildiyini yaxşı xatırlayırıq”.
Millət vəkili erməni lobbisinin diqqətləri Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq cəhdləri etdiyini də bildirib: “Bu gün münaqişənin həlli üçün Ermənistana təzyiqlər var. Onlar da diqqəti kənar məsələlərə yönələndirməyə və Azərbaycanla Qərb arasında gərginlik yaratmağa çalışırlar”.
R. Musabəyov təzyiqlər zamanı hazırda həbsdə olan QHT rəhbərlərinin adılarının hallanmasını təəccüblü hal hesab etmir. Onun sözlərinə görə, saxlanılan QHT rəhbərlərinin əksəriyyəti Qərb donorlarından maliyyə dəstəyi alıb: “Qərbin onları ələ alaraq agent kimi istifadə etdiyi haqda xəbərlər var. Bu baxımdan, reaksiya verilməsi gözlənilən idi”.
A. Mollazadə isə Azərbaycanın hüquq-mühafizə orqanlarının bəzi QHT-lərdən ölkədə müxtəlif vasitələr üçün istifadə edildiyini ortaya çıxardığını xatırladıb: “Azərbaycanın müstəqil siyasəti həmişə strateji xətt olacaq. Biz dəfələrlə nə Moskvanın, nə Vaşinqtonun, nə Brüsselin, nə Ankaranın, nə də digər ölkənin Azərbaycan üçün “böyük qardaş” ola bilməyəcəyini demişik. Bəli, Azərbaycana partnyorlar, dostlar, xeyirxah qonşular lazımdır. Lakin Bakı heç kəsə öz iradəsini diktə etməyə, bizə necə yaşamağı öyrətməyə icazə verməyəcək”.