Milli Məclisin deputatı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Avropa Parlamentində görüşlər keçirib.
Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində R.Rzayev litvalı deputat Antanas Quoqa, bolqar deputat Giorgi Pirinski, avstriyalı deputat Barbara Kappel, sloveniyalı deputat İvo Vayql, ispan deputat Ernest Maraqall və alman deputat Norbert Noyzerlə görüşüb. Görüşlərin əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının mövqeyi olub.
Azərbaycanlı millət vəkili ölkəsinin, o cümlədən təmsil etdiyi icmanın münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunu, erməni və azərbaycanlı icma arasında davamlı və effektiv dialoqun zəruriliyini bildirib. R.Rzayev Azərbaycan tərəfdən dəfələrlə dialoq təklifinin olduğunu yada salmaqla yanaşı, Ermənistan tərəfinin bu təşəbbüsdən müxtəlif bəhanə və metodlarla boyun qaçırdığını da vurğulayıb.
Erməni qoşunlarının nəzarəti altında olan Sərsəng su anbarı barədə də danışan Rövşən Rzayev həmkarlarını su anbarı ilə bağlı mümkün iqtisadi və ekoloji faciələr barədə məlumatlandırıb. Bununla yanaşı o, su anbarı ilə bağlı AŞ PA-da hazırlanan məruzəni də diqqətdə saxlamağı avropalı həmkarlarından xahiş edib.
Millət vəkili, həmçinin “İndex” Fondunun dəstəyilə Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclərlə görüşüb.
Səxavət