Hikmət Hacıyev: “Belə faktların ortaya çıxması Ermənistanın yalançı təbliğatının çox qabarıq ifşasıdır”
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, özünü qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyan bu yaxınlarda Kanadaya səfər edib.
Teleqraf.com-un məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bununla əlaqədar bildirib ki, özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən K.Mirzoyan adlı şəxsin bu ilin oktyabrında Kanadaya səfəri ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən ölkəmizin narazılığı və narahatlığı Kanada tərəfinə çatdırılıb:
“Azərbaycanın narazılığına cavab olaraq, Kanada tərəfi bir daha vurğulayıb ki, rəsmi Ottava Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən işğal altında olan Dağlıq Qarabağ və ətraf yeddi rayon üzərində Azərbaycanın suverenliyini tanıyır. Bundan əlavə, Kanadanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam etdiyi bildirilib. Kanada tərəfindən Azərbaycanın narahatlığının nəzərə alındığı qeyd olunaraq, “Dağlıq Qarabağ”ın nümayəndəsi kimi özünü bəyan edən bu şəxsin səfərinə Kanada hökumətinin nə razılıq verdiyi, nə bu səfəri təşkil etdiyi, nə də yardım etdiyi diqqətə çatdırılıb və belə bəhanə ilə Kanadaya səfər edən hər hansı şəxsin Kanadada rəsmi statusa malik olmadığı vurğulanıb. Kanada tərəfindən məlumat verilib ki, bu ölkəyə səfəri zamanı həmin şəxsin Kanada hökumət nümayəndələri və ya rəsmiləri ilə təmasda olmamasını təmin etmək üçün lazımi tədbirlər görülüb”.
H.Hacıyev qeyd edib ki, məsələ ilə əlaqədar Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi ilə təmaslar zamanı K.Mirzoyan adlı şəxsin Ermənistan Respublikasının pasportuna sahib olduğu və Ermənistan Respublikasının vətəndaşı kimi Kanadaya səfər etdiyi müəyyən olunub: “Ona görə də Kanadaya gəlmək üçün Ermənistan vətəndaşı kimi müraciət edən bu şəxsə viza verilməsindən imtina üçün hüquqi əsas olmayıb. Belə faktların ortaya çıxması Ermənistanın yalançı təbliğatının çox qabarıq ifşasıdır. Bu, bir daha ona dəlalət edir ki, Ermənistan Respublikası tərəfindən beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdülür və müxtəlif şəxslərə öz pasportunu paylayaraq, digər dövlətlərə bu kimi şəxslər və onların kimliyi və əsl vətəndaşlıq mənsubiyyəti haqqında yanlış məlumat verilir. Bu kimi əməlləri ilə Ermənistan Azərbaycan ərazisinin bir hissəsinin ilhaq edilməsi siyasətini yürütdüyünü bir daha sübut edir”.
Səxavət HƏMİD