Lerik Rayon Mərkəzi Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılmışdır.
Bu barədə Teleqraf.com-a Lerik rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin oluhmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.