Bu gün Müsavat Partiyasının başqan seçkilərindən narazı qalan üzvləri işçi qrupu yaradıblar. Teleqraf.com-un məlumatına görə, bu barədə qərar narazı üzvlərin bu gün keçirilən görüşündə verilib.
Görüşdə narazı üzvlərin partiyanın Mərkəzi-nəzarət təftiş komissiyasına göndərdiyi arayışa verilən rəy müzakirə edilib.
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu çıxış edərək qeyd edib ki, arayışa verilən cavab onu göstərir ki, komissiya bu ayarışı müvafiq qaydada araşdırmayıb. Onun sözlərinə görə, komissiya arayışa hüquqi deyil, siyasi rəy verib və bununla da komissiyanın müstəqil olmadığını göstərir:
“Biz qurultaydan sonra da Nizamnamə pozuntularının şahidi olduq. Bir neçə rayon təşkilatı komissiyanın qərarı olmadan buraxılıb. Bu da digər Nizamnamə pozuntusudur”.
Q.İbadoğlu qeyd edib ki, partiyada bir qrup şəxsin mənafeyini müdafiə edən proses başladılıb. Müsavat Məclisinin üzvü Vurğun Əyyub da çıxışında partiyanın taleyindən narahatlığını ifadə edib. O, partiya rəhbərliyini nizamnamə pozuntularına son qoymağa çağırıb.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə çıxışında Müsavat Partiyasında avtoritarizmə son qoyulmasının vacibliyini vurğulayıb. S.Əlisoy qurultaydan narazı qalan üzvlərin fraksiya yaratmaq təklifini dəstəklədiyini bildirib. Keçmiş namizəd bildirib ki, Müsavat bu gün içindəki saxtakarlara qarşı müzakirə aparır.
Görüşdə çıxış edən partiyanın Zəngilan rayon təşkilatının sədri, partiyanın Məclis üzvü Rüfət Əliyev isə növbədənkənar qurultayın təşkil edilməsinə çağırıb. Bir sıra narazı üzvlər isə qurultayın nəticələrinin ləğv edilməsi üçün imzatoplama kampaniyasına başlamağı təklif ediblər.
Sonda partiyadaxili vəziyyətin dəyərləndirilməsi və səslənən təkliflərin müzakirəsi üçün işçi qrupu yaradılıb. İşçi qrupunun bir ay sonra növbəti görüşünün keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından narazı qalan üzvlər seçkilərdə baş vermiş pozuntularla bağlı partiyanın mərkəzi nəzarət-təftiş kommisiyasına arayış göndərib.
MNTK isə qurultaydakı pozuntularla əlaqədar təqdim edilən arayışda heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyini bəyan edib.