Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədəTeleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.
O bildirib ki, ilkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub: “Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb”.
* * *
13:49
Badamdarda ağaclıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.