Günəşdən gələn şiddətli bir fırtına planetin əksər hissələrində həftələr və ya aylar ərzində internetin kəsilməsi səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu iddianı Kaliforniya Universitetinin kompüter elmləri üzrə mütəxəssisi Abdu Jioti irəli sürüb.
Elm adamı deyir ki, pandemiya dünyanın böhranlara hazır olmadığını göstərdi: “İndi də infrastrukturumuz böyük miqyaslı bir kosmik hadisəyə hazır deyil”.
Onun sözlərinə görə, qitələri bir-birinə birləşdirən sualtı internet kabelləri vəziyyətdən çıxış yolu sayılmır. Alim bildirir ki, müəyyən bir bölgədəki sualtı kabeldə nasazlıq bütün qitələrin bir-birindən qopmasına gətirib çıxaracaq: “Kabellərin təmiri üçün isə uzun müddət lazımdır. Bu zaman milyonlarla insan dolanışıq qaynaqlarını itirə bilər”.
Alimin hesablamalarına görə, ABŞ-da bir günlük internet kəsintisinin iqtisadi ziyanı 7 milyard dollardan çoxdur: “Bəs şəbəkə günlərlə, hətta aylarla işləməsə nə edəcəyik? Günəş fırtınası püskürəndə Yerdəki canlıların bu fırtınaya hazırlaşmaq üçün təxminən 13 saat vaxtı olacaq. Bu vaxtdan düzgün istifadə üçün mütəxəssislər Günəş fırtınası təhlükəsini ciddi qəbul etməlidirlər”.
Aparılan araşdırmalar göstərir ki, bu cür ekstremal hadisələrin nəticələri bəşəriyyətin müasir həyat tərzi üçün fəlakətli ola bilər.
Yaxın tarixdə belə hadisələrdən yalnız ikisi qeydə alınıb. Bunlardan biri 1859-cu ildə, digəri isə 1921-ci ildə baş verib. “Carrington” hadisəsi kimi bilinən bu nadir fırtınada teleqraf telləri yanıb və əlaqələr ciddi şəkildə pozulub.
Abdu Jioti o vaxtdan bəri insan sivilizasiyasının internetdən daha çox asılı vəziyyətə düşdüyünü vurğulayıb.
Araşdırmalara görə, Günəş Yer kürəsini 4 milyard ildən çoxdur ki, işıqlandırır. Alimlərin fikrincə, Günəş 5 milyard il sonra sönəcək.