Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Beyləqan rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Əvəz Quliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.
Ə.Quliyevin mərkəzi bazar ərazisində olduğu müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Rayon sakini Samir Şahhüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
S.Şahhüseynov barəsində İsmayıllı rayon polis şöbəsində araşdırma aparılır.