Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində mal-qara oğurluqları edən 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Uzuntəpə və Maşlıq kəndlərindəki ayrı-ayrı təsərrüfatlardan gecə saatlarında iri və xırdabuynuzlu heyvanları oğurlayan Bakı şəhəri Binə qəsəbəsinin sakinləri - İbrahim Nuriyev, Mahir Balakişiyev, Eldar Əsgərov, Cəlilabad rayon sakinləri Maqsud Qəhrəmanov və Kərimov Elgün müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla onların müxtəlif təsərrüfatlardan ümumilikdə 2 baş inək, 15 baş qoyun, 1500 manat dəyərində 20 kisə noxud və 1 evdən televizor oğurladıqları müəyyən edilib.
Araşdırmalarla oğurlanan mal-qaranın Bakı şəhərinə aparılaraq müxtəlif ünvanlardakı qəssablara satıldığı müəyyən edilib. Həmin heyvanlardan ikisi aşkarlanaraq sahibinə təhvil verilib.
Hazırda saxlanılan şəxslərin Cəlilabad və digər rayonlarda analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.