20 Sentyabr 09:45
294

Sentyabrın 19-da, saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin tökərək yandırıb.

Nəticədə Mütəllim Babayev və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov