“Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbərinə qarşı 762000 ABŞ dolları məbləğində dələduzluq etməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb olunması mümkün olmayıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən şirkətin rəhbəri Karakamçı Osman Mustafa oğlunun vəkili Teymur Baloğlanov bildirib.
Vəkilin sözlərinə görə, şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin əlamətləri ilə 150040821 saylı cinayət işi başlansa da, 6 il ərzində işin istintaqının başa çatdırılması təmin edilməyib:
"İş dəfələrlə bir neçə müstəntiqin icraatında olub, hətta aidiyyət əsası ilə Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, daha sonra geri qaytarılıb. Bir sözlə, süründürməçiliyə yol verilib. Zərərçəkən hüquqi şəxs və onun rəhbəri Karakamçı Osman Mustafa oğlunun, eləcə də Türkiyə Respublikasının Azərbaycandakı Böyük Elçiliyinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iş üzrə məsuliyyət daşımalı olan şəxslər cəzadan yayındırılır, istintaqa məntiqi nəticə verilmir”.
Vəkil qeyd edib ki, Baş Prokuror Kamran Əliyevin müdaxiləsindən sonra cinayət işi Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq icraatı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Mikayıl Qüdrətova tapşırılıb:
“Hazırda bir neçə aydır ki, iş üzrə aktiv istintaq hərəktləri keçirilmir, cinayətkarların ifşası üçün məqsədəyönlü iş aparılmır. Bununla da yenidən işin süründürməçiliyinə yol verilir. Mithat Dəmirin istintaqa verdiyi ifadəsindən bu nəticəyə gəlmək olur ki, sözügedən məbləğin 550000 ABŞ dollarını Ayaz Salahov, 212000 ABŞ dollarını isə o özü talayıb”.
Vəkilin bildirdiyinə görə, istintaqın gedişində Ayaz Salahova Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib: “O, 5 ay müddətində həbsdə qalsa da, uydurma əsaslarla barəsindəki cinayət işinə xitam verilib, daha sonra qəbul edilmiş qərar prokurorluq tərəfindən əsassız hesab edilərək ləğv edilib.
Təəssüf ki, işin istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərilməsi üçün hələ də ciddi tədbirlər görülmür. İş üzrə cinayət hadisəsinin iştirakçısı Midhat Dəmir cinayətin digər iştirakçısı Ayaz Salahovun ifşa olunmasında mühüm rol oynaya biləcəyi üçün sonuncunun səyləri nəticəsində “miqrasiya qanunvericiliyini pozması” adı ilə ölkədən çıxarılıb və hazırda Gürcüstan Respublikasında gizlənir.
Ən qəribəsi odur ki, Midhat Dəmir cinayətin iştirakçısı olduğu halda iş üzrə zərərçəkən kimi tanınıb. Hesab edirik ki, Midhat Dəmir barəsində beynəlxalq axtarış elan edilməli, onun tutularaq Azərbaycan Respublikasına gətirilməsi yönündə təcili tədbirlər görülməlidir”.
Vəkil qeyd edib ki, hazırda cinayət işi ilə bağlı dəfələrlə etdiyi müraciətlərə cavab verilmir: “İstintaq orqanının hərəkətləri barədə məlumat ala bilmirik. 6 ildir ki, istintaq aparılsa da, cinayət nəticəsində ziyan çəkmiş “Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkəti hələ də zərərçəkən kimi tanınmayıb. Halbuki şirkətin rəhbəri olan Karakamçı Osman Mustafa oğlu iş üzrə dindirilib, onun Midhat Dəmirlə üzləşməsi keçirilib. İşin digər materialları ilə birlikdə “Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin zərərçəkən kimi tanınması üçün kifayətdir”.
Vəkilin sözlərinə görə, baş verən qanunsuzluqla bağlı Prezidentə müraciət ediblər.
Qeyd edək ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkəti ilə Azərbaycan Respublikasının “A-Star Servis” MMC arasında Türkiyə vətəndaşı Mithat Dəmirin vasitəçiliyi ilə bağlanmış müqavilə əsasında əlvan metalların alınması nəzərdə tutulub.
“Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbəri Karakamçı Osman Mustafa oğlu tərəfindən Mithat Dəmirə 11 iyun 2015-ci ildə 13200 ABŞ dolları, 16 iyun 2015-ci ildə isə 630000 ABŞ dolları məbləğındə pul göndərilib. Mithat Dəmirlə aparılan danışıqlara əsasən, həmin məbləğ “A-Star Servis” MMC-nin rəhbəri Ayaz Salahova verilib. Sonuncu isə həmin vəsaiti mənimsəyib. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib, zərərçəkmişə vurulmuş ziyan ödənməyib.
Şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3-cü (dələduzluq) maddəsinin əlamətləri ilə 150040821 saylı cinayət işi başlanıb.