3 Oktyabr 2021 14:12
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda 1995-ci il təvəllüdlü Cəfər Babayev qısqanclıq zəminində həyat yoldaşı Səbinəyə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyulun 28-də Gədəbəy rayonu, Düzyurd kəndində baş verib. Cəfər yaşadığı evdə arvadı Səbinə ilə qısqanclıq zəminində mübahisə edib. O, yaranmış mübahisə zamanı əsəbləşib və bel kəməri ilə arvadını vurub. Bu zərbələrdən qadın xəsarət alıb.

İstintaq orqanı tərəfindən Cəfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun ifadəsinə görə,hadisə baş verən günü yaşadığı evin otaqlarından birində “Nokia” markalı mobil telefon tapıb: “Telefonun kimə məxsus olduğunu arvadımdan soruşdum. Arvadım bu barədə məlumatı olmadığını bildirdi. Arvadımın kiminləsə danışdığını düşündüm. Bu səbəbdən əsəbləşdim. Özümə məxsus bel kəməri ilə bir neçə dəfə onu vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan əməlindən perşman olub və arvadından üzr istəyib, onunla barışıb.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Cəfərin aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.


Müəllif: Hacı Zeynalov