“Müsavatın öz daxilində münasibətləri aydınlaşdıra bilmədiyi halda bəhanəni hakimiyyətin üzərinə atması gülünş doğurur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyası Divanının son bəyanatına münasibət bildirərkən deyib.
Müsavat Partiyasının bəyanatında deyilir ki, VIII qurultaydan sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir: “Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır”.
S.Novruzov qeyd edib ki, Müsavat Partiyası ədalətli seçki keçirib münasibətləri aydınlaşdırmaq əvəzinə günahı başqalarının üzərinə atır: “Qurultayın ədalətsiz keçirildiyini, başqanlıq seçkisində saxtakarlıq olduğunu biz demirik. Tənqidi fikirləri başqanlığa namizəd olmuş Qubad İbadoğlu və digərləri deyir. Müsavatın bərpasında iştirak edənlərin hər biri etiraz edərək partiya sıralarından çıxırlar. Nəsib Nəsibli Müsavatdan getdi, Gənclər Birliyinin sədri partiyanı tərk etdi. Bunun hakimiyyətə nə aidiyyatı var?”
YAP-çı deputatın fikrincə, Müsavatın qurultayında saxtakarlıq olub, bir sıra müsavatçılar isə bu ədalətsizliyi qəbul etmir: “Obyektiv və tam şəffaf şəkildə təkrar qurultay keçirilməlidir. Onda bilinəcək ki, Müsavat üzvləri kimə daha çox səs verəcək. Müsavatın taleyi şübhə altındadır. Partiyada yenidən qurultay keçirilməlidir, rayon və şəhər təşkilatlarında ədalətli seçim olmalıdır, sonradan strukturlar formalaşmalıdır, əks halda Müsavat daxilində 2-ci, 3-cü partiyalar yaranacaq. Bu partiyalar ayrı-ayrılıqda müstəqil şəkildə fəaliyyət göstərməyə başlayacaq”.
Onun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, azad fikir və söz deyənləri Müsavat qərargahından digərgin salırlar, onları partiyadan çıxarmaqla hədələyirlər: “Seçkinin saxta keçirildiyi ilə əlaqədar irəli sürülən fikirlərə Müsavat rəhbərliyindən heç kəs münasibət bildirmir. Başqanın iki qardaşından başqa Müsavat rəhbərliyində təmsil olunan kimsə deyilənlərə cavab vermir. Müsavat Partiyasının qurultaydan sonra tamam acınacaqlı vəziyyətə düşdüyü göz qabağındadır”.
Nərgiz