12 Noyabr 2014 18:19
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Bələdiyyəyə enerji ayırmaqdansa, parlamentə hazırlaşmağı düşünürük”

“Bələdiyyə seçkilərində iştirakla bağlı REAL İdarə Heyətində ciddi müzakirələr gedir. Hələlik bir neçə təklif səsləndirilib. Bu təkliflər ətrafında fikir mübadiləsi yekunlaşmaq üzrədir. Yerlərdən də bəzi üzvlərimizin seçkilərdə iştirak etmək istəməsinə dair məlumatlar bizə çatdırılıb. İndilikdə bunu dəyərləndiririk. Yəqin ki, həftənin sonuna qədər bununla bağlı qəti mövqeyimiz olacaq”.

Bunu Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.

Qeyd edək ki, REAL hələ bir neçə ay əvvəl elan etmişdi ki, bələdiyyə seçkilərində iştirakı planlaşdırır.

Natiq Cəfərli isə söyləyib ki, REAL rəhbərliyi bələdiyyələrin statusunu nəzərə alaraq, habelə bu institutların gücləndirilməsi istiqamətində ciddi addımlar atılmasını istəyir: “Bizdə belə fikir formalaşıb ki, bələdiyyə seçkilərinə enerji ayırmaqdansa, bütün diqqəti toplayaraq regionlardakı işləri intensivləşdirərək 2015-ci il parlament seçkilərinə daha ciddi formada hazırlaşaq. Bu fikir oturuşmuş fikirdir və ciddi dəstəklənir. Ancaq yerlərdəki üzvlərimizdən də müəyyən təkliflər almışıq. Odur ki, son qərarımızı həftə sonu verəcəyik. Hələlik bələdiyyələrdə iştirakla bağlı namizədlərimizin irəli sürülməsi üçün zamanımız var. Ola bilər ki, bəzi bələdiyyələr üzrə üzvlərimiz iştirak etsin”.

Natiq Cəfərli qeyd edib ki, artıq REAL-ın 2015-ci il parlament seçkilərində iştirak edəcəyi 10 namizədi müəyyən edilib. Onun sözlərinə görə, bu istiqamətdə proses hazırda davam etdirilir: “Planımız belədir ki, bu ayın sonuna qədər deputatlığa namizədliyini irəli sürəcək şəxslərin siyahısı aydınlaşsın və mətbuatda elan edilsin. Bundan sonra hər bir dairə üzrə işçi qrupları yaradılacaq. Namizədləri elan edilən gündən həmin dairələr üzrə hazırlıq işlərinə başlanılacaq. Seçki Məcəlləsi bunun qarşısını kəsmir. Məcəllə təbliğat-təşviqat dövrünə qədər ki, dövrü tənzimləmir. Bizim namizədlərimiz sadəcə olaraq öz-özlüyündə seçki prosesinə hazırlaşacaq. Seçkilərə rəsmi start verildikdən sonra isə qanuna uyğun şəkildə addımlarını atacaqlar”.

REAL-ın siyasi partiyaya çevrilməsi haqda görülən işlərdən danışan icraçı katib deyib ki, onların quracağı siyasi partiya parlament tipli partiya olacaq: “Yəni partiya struktur və idarəetmə etibarı ilə indiki partiyalara bənzəməyəcək. Biz seçkilərə hesablanan partiya qurmağı düşünürük. Bu mənada indi şəbəkənin genişlənməsini istəyirik. Ancaq Azərbaycanda yeni partiyanın qeydiyyata alınması prosesi çətin olacaq. 2015-ci il mayın 28-də qeydiyyatdan keçmək üçün sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Sadəcə ehtimal edirik ki, qeydiyyata alınma uzana bilər. Bu səbəbdən də ehtimal var ki, 2015-ci il parlament seçkilərinə partiya formatında gedə bilməyək. Biz bu ehtimalı nəzərdən keçiririk. Əgər rəsmi partiya kimi seçkilərə gedə bilməsək, hərəkat kimi fəaliyyətimizi davam etdirəcəyik. Sadəcə rəsmi qeydiyyat partiya formatında seçkiyə getmək üçün namizədlərə üstünlük verir. Əgər rəsmi qeydiyyat olmasa, formal partiya kimi seçkilərə getməyin mənası olmayacaq. Biz hər ehtimala qarşı bütün variantlara hazırlaşırıq. Həm siyasi partiya, həm də hərəkat formatında fəaliyyətimizin davamı üçün yol xəritələrimizi hazırlayırıq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər