18 Oktyabr 2021 10:42
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon polis şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17 000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb.

Faktla bağlı Qax rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

R.Allahverdizadənin respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Qax rayon polis şöbəsinə müraciət etmələri və ya (024)255-23-52 şəhər nömrəsi, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov