6 May 2014 14:55
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMİP sədri Yusif Bağırzadə sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılması məsələsinə münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında hakimin keçmiş deputat barədə qərarını dəstəklədiyini söylədi: “Bir insanın azadlığa buraxılmasını alqışlamaq lazımdır. Gülər Əhmədovanın azyaşlı uşağı var, qadındır. Şəxsən mən AMİP sədri kimi hakimin bu qərarını alqışlayıram. Qadının həbsdə saxlanılması mentalitetimizə uyğun deyil. Biz Avropaya meyllənirik, bir çox tədbirlərdə oluram, bəyan edirəm ki, Azərbaycan xalqının özünün mentaliteti var. Avropada demokratiya, məsələlərin sülh yolu həll olunması, qanunların daha da mükəmməl olması, korruspiyaya qarşı mübarizəni alqışlayırıq. Ancaq bəzi məsələlər var ki, ona öz mentalitetimiz çərçivəsində yanaşmalıyıq. Bu çərçivədə də qadının zindana atılmasına pis baxıram”.

Partiya sədri G.Əhmədovanın AMİP üzvlüyünə qəbul olması ehtimalını da dəyərləndirib: “Bizdə üzvlüklə bağlı kollegial qərar verilir. Bunu mən tək həll etmirəm. Partiya üzvlüyünə qəbul, çıxarılma və yaxud partiyada vəzifə tutmaq barədə müraciətlərə kollegial baxılır. Bunu bəri başdan heç bir söz deyə bilmərəm”.

Xatırladaq ki, mayın 5-də Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş millət vəkili Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.


Onu da bildirək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Nərgiz


Müəllif: