Quba rayonunda 1989-cu il təvəllüdlü Mirac şəxsi münasibətlər zəminində əmisi oğlu Eldostu döyüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 22-də, saat 16 radələrində Quba rayonu, Rustov kəndində baş verib.
Mirac yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu və əmisi oğlu Eldostu yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Miracın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirac ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Quba rayonunun Rustov kəndində arvadı, 10 və 8 yaşında olan iki oğlu ilə birlikdə yaşayır: “Evimin yaxınlığında yaşayan əmim oğlu Eldost təsərrüfatında iki baş keçi və dörd baş qoyun heyvanı var. Eldost heyvanları açıq saxladığı üçün onlar tez-tez həyətimə girirlər”.
Təqsir sentyabrın 22-də, saat 16 radələrində evə gəldikdə Eldostun heyvanlarını həyətində görüb və Eldostu həyətlərinə çağırıb: “Söhbət zamanı aramızda mübahisə yarandı. Mübahisə zamanı Eldostun yaxasından tutaraq başım ilə onun sifət nahiyyəsinə zərbə vurdum. Həmin vaxt biz əlbəyaxa olaraq yerə yıxıldşq. Səs-küyə bizimlə qonşuluqda yaşayan atamla anam gəldi, bizi ayırdılar”.
Cinayət işi üzrə zərərçəkmiş Eldost ifadəsində göstərib ki, arvadı və üç azyaşlı övladı ilə birlikdə yaşayır: “Əmim oğlu Mirac evimin alt tərəfində yaşayır. Miracın həyətinin çəpərlərinin açıq olması səbəbilə küçəyə otlamağa buraxdığım iki baş keçi və dörd baş qoyun tez-tez onun həyətinə girib. Sentyabrın 22-də, gündüz vaxtı Miracın oğlanları heyvanlarımı döyə-döyə həyətlərindən çıxardılar. Saat 16 radələrində heyvanlar yenidən Miracın həyətinə girdi. Həmin vaxt Miracın həyətinə getdim, heyvanlarını aparanda aramızda mübahisə yarandı. Mübahisə zamanı Mirac başı ilə sifət nahiyyəmə vurdu. Bundan sonra əlbəyaxa olaraq yerə yıxıldıq. Həmin vaxt arvadım və Miracın valideyinləri gəldi, bizi ayırdılar. Bundan sonra evimə getdim”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını qeyd edib.
Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.
Hakim Rahim Həsənovun sədrliyi ilə keçirilən prosesin sonunda hökm elan edilib. Hökmə görə, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması nəzərə alınıb.
Bu səbəbdən Miracın barəsində olan cinayət təqibinə xitam verilib və o cinayət məsuliyyətindən azad edilib.