Noyabrın 12-də, saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.