15 Noyabr 2014 13:52
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm”

Müsavat Partiyası başqanlığına keşmiş namizəd Qubad İbadoğlu hazırkı başqan Arif Hacılının iddialarına cavab verib.

A.Hacılı bildirib ki, Q.İbadoğlunu dəfələrlə görüşməyə dəvət etsə də, o, gəlməyib.

Q.İbadoğlu bu iddia ilə bağlı Teleqraf.com-a cavabını göndərib. Həmin cavabı təqdim edirik.

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm. Birinci təklif konkret zamanda görüş üzərində qurulduğundan, həmin vaxtda görüşmək imkanım olmadığından növbəti gün görüşmək üçün başqa alternativ irəli sürmüşəm. 2-ci və 3-cü təkliflər gün ərzində olub, lakin həmin günlərin heç birində Bakıda olmamışam. Təklif olunan 7 noyabr tarixində Finlandiyada, 13 noyabr tarixində isə Salyan və Lənkəranda yas mərasimində olmuşam. Bununla yanaşı, mən noyabrın 8-də partiyanın Mərkəzi qərargahında keçirilən görüşə başqanlığa keçmiş namizədlərin hamısını dəvət etmişəm. Lakin onlardan yalnız Səxavət Əlisoy toplantıya qatılıb. Tural Abbaslı başqa işi olduğuna görə iştirak edə bilməyəcəyini bildirsə də, Arif Hacılı toplantı başlayanda qərargahda olsa da belə dəvətlə bağlı ondan heç bir rəy daxil olmayıb. Bütün bunlarla yanaşı onu da qeyd etmək istərdim ki, Arif Hacılı belə açıqlamalarında səmimi deyil. O bir tərəfdən qucaq açdığını bəyan edir, digər tərəfdən də cəza maşınının idarəçiliyi ilə məşğuldur və konkret şəxslərin cəzalandırılması ilə bağlı partiya strukturlarına sifarişlər verir. Belə ki, son günlər ərzində Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov, Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəyli partiya sıralarından çıxarılandan sonra, dünən Sumqayit təşkilatı keçmiş seçki məhbusu, fəal və fədakar müsavatçı Ənvər Əhmədə töhmət verib. Aparılan təhlillər və qiymətləndirmələr göstərir ki, indiyə qədər tətbiq olunan cəzalarla bağlı gətirilən əsasların heç biri nizamnamə norması ilə əsaslandırılmayıb. Növbədənkənar qurultayla bağlı Nizamnamənin 4.1.-ci maddəsində norma olduğu halda, Ənvər bəyin qurultayın yenidən çağırılması üçün imzaların yığılmasına çağırış etməsinə görə cəzalandırılması bir daha göstərir ki, belə qərarlar sifarişlər əsasında və kobud nizamnamə pozuntusu ilə verilir. Son qərarlar cəzalandırılan partiya üzvlərinin yalnız partiyadaxili diskussiyalarda iştirakına və mövqeyinə görədir, bu partiyada tənqidlərə dözümsüzlüyün, tolerantlığın olmamasının göstəricidir, eləcə də insanların fundamental haqlarına və azadlıqlarına ziddir. Bu bir daha göstərir ki, hazırda partiyada daxili demokratiya, söz və ifadə azadlığının pozulması ilə bağlı təhlükəli tendensiya formalaşıb. Bunu dayandırmaq üçün partiyada qalaraq sonadək mübarizə aparmaq və hər bir müsavatçının hüququnu qorumaq əzmindəyik”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər