Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin, eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib.
Aşkarlanan qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Zərdab rayon polis şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisi müəyyən edilib.
Yoxlamalar zamanı rayonun Məmmədqasımlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusu ilə əlaqədar ev sahibi U.Ağalarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Daxili İşlər Nazirliyinin isə yaydığı məlumata görə, həftəsonu, 4-5 dekabrda Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və ölkə ərazisində 906 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 896 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 2 şadlıq sarayının sahibi barəsində material baxılması üçün məhkəməyə göndərilib və 281 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.