Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatlar əsasında keçirilən tədbirlərlə yalnız bir gündə respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb.
Belə ki, Astara rayon sakinləri - M.Məmmədovdan və S.Əhmədovdan, Beyləqan rayon sakinləri B.Aslanovdan və Ə.Məmişovdan, Qəbələ rayon sakinləri İ.Hacıyevadan və E.Abdullayevdən, Balakən rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən, Ağdam rayon sakini Z.Murtuzayevdən, Hacıqabul rayonunda isə X.Qarayevdən qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.