Baş Prokurorluq Yevlaxda 8 ay əvvəl qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci ildə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, kiçik sahibkarlıqla məşğul olan 1968-ci il təvəllüdlü Səidə Hüseynova bu il aprelin 14-də rayonunun Aşağı Bucaq kəndində özünə məxsus cücə sexində baş verən yanğın zamanı çoxsaylı yanıq xəsarətləri alaraq hadisə yerində ölüb.
Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.
Mərhumun bacısı Rahilə Əhmədova isə yanğın baş verən gündən hadisənin qəsdən, tamah niyyəti ilə xüsusi amansızlıqla törədildiyini iddia edib. Hadisə mərhum Səidə Hüseynovanın bacısı qızının əri Çaykənd kənd sakini Elnur Hüseynov tərəfindən qəsdən törətdiyi barədə əsaslı şübhələr müəyyən edilib.
Elnur Hüseynov həmin kənddə əvvəllər fizika müəllimi olub.
Daxili İşlər Nazirliyinin dekabrın 1-də yaydığı məlumatda qeyd olunub ki, Göygöl rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019-cu, 2020-ci və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub.
Həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan Elnur Hüseynov bundan başqa, digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus, ümumi dəyəri 3 000 manat olan üç baş iribuynuzlu mal-qaranı da oğurlayıb.
Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4 500 manat olan üç baş iribuynuzlu mal-qaranı oğurlayıblar.
İstintaq zamanı Elnur Hüseynov və Qalib Məmmədovun 2020-ci ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7 900 manat olan beş baş iribuynuzlu mal-qaranı oğurlaması da məlum olub.
Cari ilin avqust ayında 6 500 manatlıq iribuynuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9 500 manat olan beş baş iribuynuzlu heyvanları gizli yolla talayıblar.
Elnur Hüseynovun digər bir hüquqazidd əməli isə ədavəti olan qonşuna məxsus inəyi öldürərək uçurumdan atması olub.
Araşdırmalar zamanı saxlanılan şəxslərdən Elnur Hüseynov və Qalib Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən "Göyəzən" adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45 000 manat dəyərində maddi ziyan vurduqları məlum olub.
Sentyabr ayında isə həmin şəxslər daha bir analoji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1 100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və mağazaya bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.
Polis əməkdaşları dəstə üzvlərindən Qalib Məmmədovun yaşadığı fərdi yaşayış evindən istifadəyə yararlı odlu silah və onun komplekt hissələrini də aşkar edib.