Baş Prokurorluq tərəfindən daha bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq edilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.
Xəbər verildiyi kimi, prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi davam etdirilir.
Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən Qanunun 13-2-ci maddəsinin tələblərini pozmuş Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğlu və Əzizov Musa Mazan oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilib, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.