Füzulidə sərxoş kişi xəstə olan anası üçün çağırışa gələn tibb işçilərini təhqir edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gələn Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət ediblər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərib.
S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.