Bakıda qətl törətməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İttihama görə, qətl hadisəsi bu il avqustun 18-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.
Avqustun 22-də qəsəbə ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib.
Keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
İstintaq orqanı tərəfindən Mirşahid Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.