Vitse-spiker Bahar Muradova Milli Məclisdəki büdcə müzakirələri zamanı deyib ki, bölgədə və regionda separatizm, ərazi iddiaları var və az qala bu, bütün dünyanı əhatə edir:
“Beynəlxalq hüquq var və bəzən buna böyük dövlətlər də birmənalı yanaşmır. Biz bilmirik ki, gələcəkdə nə olacaq. Mən Azərbaycana qarşı qarayaxmalar, hərbi qüdrətin artmasından narazılıq haqda danışmaq istərdim. Bu hallar Azərbaycana qarşı mövqelərdə özünü büruzə verir. Biz beynəlxalq qurumlarda, mərkəzlərdə haqlı olduğumuzu sübut etmək üçün mücadilə veririk. Milli Məclis QHT Şurası ilə əməkdaşlıq edir, bu məqsədlə memorandum imzalanıb. Biz bu düşərgə ilə yaxınlaşdıqca daha çox işlər görəcəyimizi düşünürük. İnkişafın Azərbaycan modeli olduğu kimi vətəndaş cəmiyyəti ilə inkişafın da Azərbaycan modeli olmalıdır. Biz beynəlxalq təşkilatların, xarici QHT-lərin Azərbaycanda fəaliyyətinə şərait yaradırıq. Ancaq bəzən bu qurumların fərqli mövqeyini görürük. QHT Şurası ötən il dünyada 20 layihə həyata keçirib. Məncə, biz düşünməməliyik ki, 6 milyon manat QHT Şurası üçün yetərli rəqəmdir. Xahiş edirik ki, bu istiqamətdə maliyyə işinin artırılmasına yenidən baxılsın. Dünən həmkarım Azay Quliyev 10 milyon rəqəm söylədi, mən konkret rəqəm deyə bilmərəm, amma artırmağa ehtiyac var”.
Vitse-spiker Dini qurumlarla iş üzrə Dövlət Komitəsinə də müəyyən vəsaitin ayrılmasına ehtiyac olduğunu deyib. Bildirib ki, bu yolla ölkədə dini maarifləndirici iş aparılmalı, bu səpkili layihələrin maliyyələşdirilməsi həyata keçirilməlidir: “Bu yollarla biz QHT-lərin xarici donorlardan asılılığını azalda bilərik”.
Yevda Abramov: “Hərbi büdcə artırılmalıdır”
Deputat Yevda Abramov hökumətə büdcə layihəsinə görə təşəkkür edib: “Mən 9 ildir ki, bu müzakirələrdə iştirak edirəm. Büdcə ildən-ilə təkmilləşir. Mənim dediklərimin bir qismini Bahar Muradova dedi. Biz demokratiya baxımından nə qədər inkişaf ediriksə, başımız bir o qədər daşa dəyir. Biz Parisdə və Strasburqda olduq və bunu müşahidə etdik. Əlbəttə, sözümüzü də dedik. Biz hərbi büdcəmizi artırmalıyıq, çünki müharibə şəraitindəyik.
İkincisi, QHT-lərə vəsait artırılmalıdır. Mən maliyyə nazirinin burada olmasından istifadə edərək bəzi məsələləri qaldırmaq istərdim. Cənab prezident Qubada olanda mən və Vahid müəllim Prezidentdən xahiş etdik. Bu məsələyə dərhal reaksiya verildi, iş aparıldı. Səhiyyə nazirindən edilən xahişdən sonra poliklinika inşasına başlanılıb”.
Deputat təklif edib ki, Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilməsi dövlət investisiya layihəsinə salınsın: “Vahid müəllim bununla bağlı Prezidentə müraciət edib. Bu, Quba-Şamaxı yoludur və strateji yol hesab oluna bilər. İkincisi, Qubada tikilən hava limanı məsələsidir. Bu istiqamətdə iş aparıldı, əhalidən torpaq alındı. İndi əhali bilmək istəyir ki, bu iş baş tutacaq, yoxsa tutmayacaq. İnsanların torpaqları alınıb. Onlar bilmək istəyirlər ki, ağaclarını kəssinlər, yoxsa becərsinlər. İndi deyirlər ki, Rusiya burada hava limanının tikilməsinə etiraz edir, ərazi bir-birinə yaxın olduğundan aviasiya qaydalarına görə, bu olmaz və s. Hər halda bu haqda bir söz deyilməli, insanlar bunu bilməlidir. Eləcə də qazlaşdırma problemi var və bu da həll edilməlidir. Kənd arası yolların çəkilməsi məsələsi də var. Bu yollar sovet vaxtında çəkilib və onların da təmirinə ehtiyac var. İndi Xeyransa xalanı Bakı-Quba yolundan daha çox kəndlə rayon arasındakı yol maraqlandırır”.
Nemət