19 Noyabr 2014 15:22
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur”

“Ermənistan xarici işlər nazirliyinin rəsmisinin açıqlaması bir daha onu göstərir ki, Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur”.

Teleqraf.com xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın bu gün söylədiklərini şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyev daha sonra bildirib: “Ermənistanın Xarici İşlər Nazirinin müavininə xatırlatmaq lazımdır ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin – Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Ermənistan Respublikası yeganə ATƏT üzv dövlətidir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzv dövlətinin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir.

Cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur. Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilmiş və güc tətbiq edərək, hədələmək aktı həyata keçirilib.

Ermənistan Respublikasının terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub. Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, “arabo” və “aramo” terror qruplaşmalarını xatırlatmaq kifayətdir.

Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq, tam məsuliyyət daşıyır”.

Səxavət


Müəllif: