Millət vəkili Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq, ondan olan gəlir 26 milyon manatdır:
“Bu sahədə işlərin görülməsinə böyük ehtiyac var. Çünki reklamdan gələn gəlir təbii ki, qoyulan sərmayəni ödəmir. Bu problem hələ də öz həllini tapmır. 2015-ci ilin büdcəsinin icrasında elə də ciddi bir problem olmayacaq. Dövlət büdcəsinin təxminən 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Neftin qiymətinin aşağı düşməsinə adi baxmamalıyıq”.
Millət vəkili əlavə edib ki, bir neçə dəfədir ki, MM-də kredit məsələsinə toxunulur, lakin problem nədənsə öz həllini tapmır: “Bu çox ciddi bir məsələdir. Bu il kredit borcu artıq milyarda yaxınlaşır. Əhali bunu nə zaman ödəyəcək? Əhali ehtiyac üzündən kredit götürür nəticədə isə bankların gəlir faizi artır. Bu məsələni mütləq həll etmək lazımdır”.
V.Əhmədov vurğulayıb ki, əhalinin mənzil problemi var: “Tək paytaxt əhalisinin yox, bölgələrdə də evlə bağlı problemlər mövcuddur. Azərbaycan hökuməti əhalinin mənzil problemi ilə bağlı proqram tərtib etməlidir”.
O həmçinin, müəllimlərin və həkimlərin əmək haqqı məsələsinə də toxunaraq deyib ki, onların əmək haqlarında artım və zamanında verilmə məsələsi müzakirə olunmalıdır.
Nemət