Aclıq edənlərə baş çəkməyə gələn snayper xanım QAT-a üzv oldu
Qarabağ Azadlıq Təşkilatının (QAT) girovların taleyi ilə bağlı keçirdiyi aclıq aksiyası 6 gündür ki, davam edir.
QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həkimlər, xüsusilə də Təcili Tibbi Yardım Stansiyasının həkimləri 2-3 saatdan bir aclıq edənlərə baş çəkir, aksiyanın dayandırılmasını tələb ediblər. Onlar əgər aclıq dayandırılmasa, çox ciddi fəsadların ola biləcəyini deyiblər. Lakin hələlik aksiya davam etdirilir, gedib-gələnlər dəstəklərini bildirirlər.
Fəal hərəkatçılar Asif Abdullayev, Rəsul Musayev, Şükür Məmmədov, Qarabağın tanınmış ağsaqqallarından Nizami Hacıyev, Naxçıvandan döyüşçü Hacı Vidadi, I Qarabağ müharibəsinin məşhur snayper qadınlarından Nərminə Abbasquluyeva (Məşədi Xanım) aksiya iştirakçılarına mənəvi dəstək veriblər. Asif Abdullayev bildirib ki, bu aksiyanın önəmli əhəmiyyəti var, cəmiyyətdə ciddi rezonans doğurub, cəmiyyəti fəallaşdıracağına əmin ola bilərsiniz.
Nərminə Abbasquluyeva aksiya iştirakçılarını ürəkdən dəstəklədiyini bildirib: “Bu, bütün azərbaycanlılar üçün şərəf məsələsidir. Çox sağ olun ki, bu təşəbbüsü etmisiniz. Siz Azərbaycan naminə həyatınıza qəsd edirsiniz. Sizə halal olsun”. N.Abbasquliyeva elə oradaca QAT-a üzv olmaq üçün ərizə yazıb. Zyarətçilərdən xeyli hissəsi də QAT-a üzv olmaq üçün müraciət edib.
QAT İdarə Heyəti sabah aclıq aksiyasının dayandırılması və ya davam etdirilməsi ilə bağlı qərarını verəcək.
Səxavət