Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, F.Hüseynov məktəb müəllimidir.
Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib.
Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Fakt üzrə Xətai rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.