27 Yanvar 2022 09:54
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib, 6 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Hacı Zeynalov