Ucarda nəvə babasının maşını ilə ağır yol-nəqliyyat hadisəsi törədib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün Ucarın Heydər Əliyev prospektində baş verib.
Belə ki, Ucar rayon sakini, 20 yaşlı Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı avtomaşın toqquşub. Qəza zamanı idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub.
Nəticədə sürücülər – Mirabdulla Rüstəmov, Kənan Zeynalov, avtomobildə olan 2 sərnişin və 2 piyada ağır bədən xəsarətləri alıblar. Yaralılar - 23 yaşlı Məqsəd Bəxtiyar oğlu Əsgərov, 17 yaşlı Kənan Asif oğlu Abuzərov, 21 yaşlı İbrahim İlqar oğlu İbrahimov, 21 yaşlı Ramil Baba oğlu Abdurəhmanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Vəziyyəti daha ağır olan Ramil Abdurəhmanov Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Mirabdulla Rüstəmovun babası Baba Atayevin sözlərinə görə, ona məxsus "VAZ-21099" markalı minik maşınını nəvəsi onun xəbəri olmadan qaçırıb.
Faktla bağlı araşdırma aparılır.