20 Noyabr 2014 16:59
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ALP liderinin müxalifətin birliyi ilə bağlı təklifi var

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan rəhbəri olduğu partiyanın təşkilatlanma ilə məşğul olduğunu və parlament seçkilərinə hazırlaşdığını bildirib.

Ə.Temirxan söyləyib ki, partiyanın qərargahı olmadığından partiya lideri Lalə Şövkətin, yaxud ALP rəhbərliyindəki şəxslərin evində toplaşırlar.

ALP sədri qeyd edib ki, L.Şövkət hazırda Bakıdadır və ictimai-siyasi prosesləri yaxından izləyir: “Partiya rəhbərliyində təmsil olunan şəxslər bir-biri ilə hər gün telefon əlaqəsi saxlayır”.

O, L.Şövkətin ötən həftə təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibətini açıqlayıb: “Lalə xanım hesab edir ki, Azərbaycan hərbçiləri həmişə torpaqlarımızın müdafiəsinə hazır olmalıdır və hərbçilərimiz Ermənistan helikopterini vurmaqda haqlıdır. ALP birmənalı şəkildə Azərbaycan hərbçilərinin Vətənin müdafiəsi uğrunda atdıqları addımları təqdirəlayiq sayır”.

Müxalifət partiyalarının qoşulduqları birliklərə gəlincə, Ə.Temirxan vurğuladı ki, hələlik təkbaşına siyasi fəaliyyət göstərməyə məcburdurlar: “Gələcəkdə partiyaların birliyinə qoşulanda da onun formatına diqqət edəcəyik”.

Bir vaxtlar Milli Şurada təmsil olunan və sonradan qurumun sıralarını tərk edən ALP siyasi partiyaların demokratiya və insan haqları mərkəzinə də qoşulmaq niyyətində deyil. ALP sədrinin sözlərinə görə, partiya parçalanmış tərəflərin iştirakçısı olmaq istəmir: “Partiyalar mərkəzdə parçalanmış şəkildə mübarizə apardığından onun effektsizliyini başa düşmüşük. Məhbusların hüquqlarını müdafiə edərkən parçalanmaq olmazdı”.

Ə.Temirxan əlavə edib ki, ALP-nin şəxsən Lalə Şövkətin müxalifətin birliyi üçün xüsusi modeli olub. Lakin partiyalar maraq göstərmədiyindən bu ideya reallaşmayıb: “Birlik modeli bizdə həmişə hazırdır, amma birlik istəyini bir çox partiyalarda görmürük. Partiyalar arasında münasibətlər də o qədər xoşagələn deyil. İndi o təklifi verib icrasız qoymaqdansa, təklifi səsləndirməməyi düşünürük”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər