Daxili İşlər Nazirliyi Sumqayıt və Yevlaxda baş verən qətllərlə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə fevralın 9-da saat 10 radələrində 18-ci mikrorayon ev 1-in qarşısında orada yaşayan, əvvəllər məhkum olunmuş 45 yaşlı Nazim Məmmədovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.
Dərhal şəhərin polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, Yevlax rayon polis şöbəsinə fevralın 9-da saat 6 radələrində Hacıselli kəndində yaşayan əvvəllər məhkum olunmuş M.Qarayevin evində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə yetirməsi, qonşusu İ.Qarayevə isə xəsarət yetirərək hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İ.Qarayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən M.Qarayev saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.