Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir. Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.