17 Fevral 2022 10:47
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elgiz Əzizov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Onun üzərinə və evinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Əzizov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Kürdəmir rayon polis şöbəsinə Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Rəsulov Tural Adil oğlunun narkotik vasitələrinin istifadəsi və daşıması ilə əlaqədar məlumat daxil olub.

Məlumata əsasən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Rəsulov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq T.Rəsulovun un yaşadığı evdən ümumi çəkisi 3 kq 56 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

T.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha bir əməliyyat Ağsu rayonunda əməliyyat keçirilib.

Ağsu rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış 36 yaşlı Qəhrəmanov Mehman Əhliman oğlu saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əynindəki gödəkcədən siqaret qutusuna bükülmüş təmiz çəkisi 12,81 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,689 qram narkotik vasitə olan tiryək, yaşadığı evdən isə təmiz çəkisi 123,56 qram qurudulmuş marixuana həmin otaqdan sellofan bükümdə təmiz çəkisi 29,821 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Bundan başqa Mehman Qəhrəmanovun yaşadığı evdən bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı, 7,62 mm kalibrli avtomat silah aşkar edilib.

M.Qəhrəmanov saxlanılıb.

Faktla bağlı Ağsu rayon polis şöbəsində cinayət işi açılıb.


Müəllif: Hacı Zeynalov