Quba rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Qusar rayon sakini Amil Hüseynovun idarə etdiyi “Mersedes” markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.
A.Hüseynov rayon polis şöbəsinə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran şəhər sakini Əfqan Əsədullayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən Ə.Əsədullayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Ə.Əsədullayev 10 gün müddətində inzibati qaydada həbs edilib.